Karantində 50 min insan işlə təmin olunacaq

Pandemiya dövründə bir çox ölkələrin ağır iqtisadi durumla üzləşdiyi vaxtda Azərbaycanda əhalinin rifahına səbəb olacaq sosial və itisadi layihələr davam etməkdədir.
BAKU.WS xəbər verir ki, koronavirus infeksiyasının yayıldığı bir vaxtda ölkəmizdə bir sıra əhəmiyyətli layihələr həyata keçirilib.
Ötən gün Bakıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksi açılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində şəxsən iştirak edib. Bu mərkəz vasitəsilə enerjisistemin avtomatik idarəedilməsinin, idxal-ixrac proseslərinin, tənzimləmələrin həyata keçirilməsi nəzərdə tutulur. Əməliyyatlar insan müdaxiləsi olmadan məsafədən həyata keçirilir. Hazırda burada müasir avadanlıqlar və proqram təminatı ilə təchiz ediləcək yeni SCADA sistemi qurulur. Yeni sistem əsas və Ehtiyat Dispetçer İdarəetmə Mərkəzindən, 7 Regional Monitorinq Mərkəzindən ibarət olmaqla, ilkin mərhələdə 21 elektrik stansiyasını və 80 yarımstansiyanı əhatə edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər.
Bundan əlavə "Bakı metropoliteni" QSC-də yeni xəttin tikintisində əhəmiyyətli hadisələrdən daha biri baş verib. "Bənövşəyi xətt"in “Avtovağzal” stansiyasını şərti adı “Xocəsən” olan elektrik deposu ilə birləşdirən və uzunluğu 1 182 metr olan ikinci tunelin qazıntısı da tamamlanıb.
Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə həyata keçirilən sosial dəstək tədbirləri nəticəsində 2,5 milyon insanı əhatə eedəcək 600 milyon manat vəsait ayrılıb. Ümumilikdə 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib. İki ay müddətində 190 manat birdəfəlik müavinət verilməsi üçün dövlət büdcəsindən 70 milyon manat vəsait ayrılıb. Karantin müddəti uzandığı halda birdəfəlik ödəmə - 190 manat növbəti aylarda da veriləcək.
Pandemiya ilə əlaqədar əhalinin məşğulluq imkanlarının artırılması da prioritet fəaliyyət istiqamətlərindən biridir. Həmin məqsədlə məşğulluq orqanlarının fəaliyyəti gücləndirilib. DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanılıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Artıq 5 min şəxs işə cəlb edilib. Həmin ictimai iş yerləri əsasən dezinfeksiya, sosial xidmətlər və digər istiqamətləri əhatə edir.
Ümumilikdə ictimai iş yerlərinin sayı 90 minə çatıb. Qeyd edək ki, xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb edilib və hazırda onlar işləməyə davam edirlər. İki ay müddətinə haqqı ödənilən ictimai işlər üçün dövlət büdcəsindən 30 milyon manat ayrılıb.